Fikrət Qoca
Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca; 25 avqust 1935, Kotanarx, Ağdaş rayonu – 5 may 2021, Ağdaş) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasınının xalq şairi (1998)
== Həyatı ==
Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur.
Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.
Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur.